İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması uğurla davam edir

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İntensiv məskunlaşma nəticəsində Qarabağda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımız sayı artmaqdadır. Hazırda 100 minə yaxın vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır. Onların 40 mini keçmiş məcburi köçkünlərdir. Hazırda işğaldan azad olunan ərazilərimizdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb. Ağdərə rayonunda 965 ailə və ya 3763 keçmiş məcburi köçkün vətəndaşımız yaşayır. Onlardan 550 nəfəri Aşağı Oratağ kəndində, 204 nəfəri Çapar kəndində, 165 nəfəri Çıldıran kəndində, 205 nəfəri Heyvalı kəndində, 1180 nəfəri Həsənriz kəndində, 175 nəfəri Kolatağ kəndində, 592 nəfəri Suqovuşan kəndində, 90 nəfəri Talış kəndində və 602 nəfəri isə Vəngli kəndində məskunlaşıb.
Xankəndi şəhərində 542 nəfər nəfər, Kərkicahan qəsəbəsində isə 210 nəfər məskunlaşıb. 4993 nəfərin məskunlaşdığı Xocalı rayonunun Ballıca kəndində 1096 vətəndaşımız yaşayır. Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb. 4265 keçmiş məcburi köçkün vətəndaşımız isə Xocavənd rayonuna geri qayıdıb.1706 nəfərin məskunlaşdığı Xocavənd şəhəri ilə yanaşı Qırmızı bazar qəsəbəsində intensiv məskunlaşma müşahidə edilir. Artıq sözügedən qəsəbənin 951 nəfər sakini var. Yalnız bu ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə və ya 13778 nəfər köçürülüb. Bu isə intensiv məskunlaşmanın bu ildə də davam etdiyindən xəbər verir. Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir".
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Balaxanı qəsəbəsi, Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi
İnformatika müəllimi Şəbnəm İsmayilova
---
- 1

