20 Sentyabr – Zəfərin, Qürurun və Əbədi Qayıdışın Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü

Tarixin yaddaşına qızıl hərflərlə həkk olunan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, sadəcə bir təqvim bayramı deyil, xalqımızın əyilməz iradəsinin, milli qürurunun və yenilməzliyinin ən ali zirvəsidir. Bu gün bizim şanlı qayıdışımızın, illərlə sızlayan yaralarımızın məlhəmi və ədalətin tam bərqərar olduğu gündür. Hər qarışında qəhrəmanların ayaq izi olan bu torpaqlar, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan qüdrətli dövlət və yenilməz ordu quruculuğunun ən möhtəşəm bəhrəsidir. Məhz bu dahi strategiyanın davamçısı – Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin polad iradəsi, uzaqgörənliyi və sərkərdəlik zəkası sayəsində üçrəngli bayrağımız bu gün Vətən göylərində əbədi və məğrurcasına dalğalanır.
Qarabağımız bu gün özünün intibah dövrünü yaşayır. Ağdərə rayonunun yenidən yaradılması tarixi yaddaşımıza vurulan silinməz naxış, bərpa edilən ədalətin müjdəsidir. Xankəndidə, Kərkicahanda illər sonra yenidən evlərin işıqları yanır, ocaqlar qalanır. Təkcə 2026-cı ilin avqust ayının 17-nə olan məlumata görə, Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla, ümumilikdə 119 ailə (506 nəfər) öz doğma yurd-yuvalarına qayıdaraq bu torpaqlara yeni nəfəs gətirib. Bu rəqəmlər sadəcə statistika deyil, yenidən doğulan həyatın, bitməyən vüsalın və qətiyyətin dastanıdır.
Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bir tarix, hər bir addımı gələcəyə qoyulan möhürdür. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı və Ağdərə şəhərlərində dövlət bayrağımızın ucaldılması anı hər bir azərbaycanlının qəlbində fəxarət hissi ilə çırpınan bir qürur anıdır. Həmin ilin 8 noyabrında Xankəndidə Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın əzəməti düşmənə gözdağı, dosta güvən oldu. 2024-cü il fevralın 7-də isə cənab prezident İlham Əliyevin və ailə üzvlərinin məhz Xankəndidə səs verməsi suverenliyimizin tam bərpasının və sarsılmazlığının bütün dünyaya elanı idi.
Qarabağın döyünən qəlbi olan Xocavənd və Xocalı da bu gün böyük bərpa prosesinin canlı şahididir. Xocavənddə Böyük Tağlardan Tuğa, qədim Azıx mağarasından Alban məbədlərinə qədər hər bir abidə, hər bir kənd yenidən dirçəlir. Xocalıda isə
quruculuq işləri ilə yanaşı, 2024-cü ilin 26 fevralında Soyqırımı Memorialının təməlinin qoyulması və qurbanların xatirəsinin sükutla yad edilməsi bizə xatırladır ki, xalqımız heç nəyi unutmayıb, lakin tarixi yaddaşı ilə gələcəyə daha güclü addımlayır.
Biz təhsil işçiləri və müəllimlər olaraq dərk edirik ki, ən müqəddəs vəzifəmiz bu şanlı tarixi gələcək nəsillərin yaddaşına əbədi həkk etməkdir. Gənc nəsil bilməlidir ki, basılmaz Vətən, məğrur xalq və Müzəffər Liderin vəhdəti tarixin axarını dəyişməyə qadirdir! Zəfərin mübarək, Azərbaycan!
Maştağa qəsəbəsi 187 nömrəli tam orta ümumtəhsil məktəbin rus dili və ədəbiyyat müəllimi,
Məmmədova Fatimə
---
- 1

