AĞDƏRƏ RAYONUNUN BƏRPASI VƏ YENİDƏN YARADILMASI TARİXİ ZƏFƏRİMİZİN MÜHÜM TƏRKİB HİSSƏSİDİR

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuş, separatçılığa son qoyulmuşdur. Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəşadətli ordumuzun şücaəti sayəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən, 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsbit olunmuşdur və bu əlamətdar gün ölkəmizdə artıq ikinci ildir ki, böyük qürur və təmtəraqla qeyd olunur.
İşğaldan azad edilmiş ərazilərdə idarəetmənin təkmilləşdirilməsi və regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə atılan ən mühüm tarixi addımlardan biri Ağdərə rayonunun yenidən yaradılması olmuşdur. 1992-ci ildə ləğv edilərək ərazisi qonşu rayonlar arasında bölüşdürülmüş Ağdərə rayonu cənab prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü və Milli Məclisin qərarı ilə müstəqil inzibati-ərazi vahidi kimi bərpa edilmişdir. Bu qərar təkcə hüquqi və inzibati baxımdan deyil, həm də tarixi ədalətin tam bərqərar olunması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Rayonun yenidən yaradılması onun zəngin yeraltı və yerüstü təbii ehtiyatlarının, kənd təsərrüfatı və turizm potensialının effektiv şəkildə dövriyyəyə cəlb olunmasına geniş imkanlar açmışdır.
Xalqımızın ümummilli lideri, Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycanın hər bir qarış torpağının azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını dövlətimizin ən başlıca strateji hədəfi kimi müəyyənləşdirmişdi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyev müasir Azərbaycanı regionun lider dövlətinə çevirmiş, Ağdərə də daxil olmaqla bütün Qarabağ və Şərqi Zəngəzur torpaqlarını yenidən dirçəltmişdir.
Bu gün Ağdərə rayonu ərazisində və işğaldan azad olunmuş digər şəhərlərimizdə "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma işləri sürətlə davam etdirilir. İnfrastruktur layihələri həyata keçirilir, yeni yollar, körpülər və sosial obyektlər inşasına başlanılır, soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışı təmin olunur. Ulu öndər Heydər Əliyevin ideyaları işığında və cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan Ağdərə rayonu tezliklə ölkəmizin ən abad və inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Bakı şəhəri, 68 №-li tam orta məktəbin
Coğrafiya müəllimi
Cavadlı Kərimova Ülkər
- 1

