Azərbaycanın tarixi qələbəsi

Zəfər Günü - bir xalqın qanla yazdığı tarix, göz yaşından doğan qürur və azadlığa qovuşan torpaqların əbədi nəfəsidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürur, birlik və qəhrəmanlıq rəmzi kimi xüsusi yer tutur. Bu möhtəşəm Qələbə yalnız hərbi uğur deyil, həm də uzun illər davam edən mübarizənin, dövlətçilik siyasətinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ölkəmizin qarşısında ciddi siyasi, iqtisadi və hərbi vəzifələr yaratmışdı. Uzun illər ərzində bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşmüş, ərazilərimiz dağıntılara məruz qalmışdı. Azərbaycan bütün beynəlxalq platformalarda öz haqlı mövqeyini müdafiə edir, ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının artırılması, xüsusilə hərbi büdcənin genişləndirilməsi və Silahlı Qüvvələrin müasirləşdirilməsi əsas prioritetlərdən birinə çevrilmişdi. Ordunun texniki təchizatı, peşəkarlığının artırılması və müdafiə qabiliyyətinin gücləndirilməsi gələcək Qələbənin mühüm əsaslarını formalaşdırırdı.
Uzun illər beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində real nəticə əldə olunmurdu. İşğal faktının davam etməsi və danışıqlar prosesinin nəticəsiz qalması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini daha da gücləndirirdi.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, 2003-cü ildən etibarən həyata keçirilən bütün əsas siyasət ölkənin gücləndirilməsinə və torpaqlarımızın azad olunmasına xidmət edirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın uzun illər ərzində apardığı məqsədyönlü siyasətin və hazırlığın nəticəsini nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu hər gün irəliləyərək şəhər və kəndlərimizi işğaldan azad etdi. Hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Vətən müharibəsi Azərbaycan tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yadda qaldı. Ordumuzun hərbi əməliyyatları, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi Qələbənin əldə olunmasında mühüm rol oynadı.
Xüsusilə Şuşanın azad edilməsi müharibənin taleyini həll edən mühüm hadisələrdən biri oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri xalqımıza böyük sevinc yaşatdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın tarixi Qələbəsi rəsmiləşdi.
Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və əldə edilmiş Qələbənin əzəmətini nümayiş etdirdi.
2020-ci il Qələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, ölkəmizin suverenliyinin bütün ərazilərdə tam təmin olunması üçün qarşıda mühüm vəzifələr qalırdı.
2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın dövlət sərhədləri üzərində nəzarətinin təmin edilməsi baxımından mühüm addım oldu.
2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir gündən az müddətdə başa çatdı. Nəticədə Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi istiqamətində tarixi mərhələ tamamlandı.
Qələbədən sonra Azərbaycan qarşısında yeni vəzifələr – işğaldan azad edilmiş ərazilərin bərpası, doğma yurdlarından didərgin düşmüş insanların geri qayıdışı və bölgənin iqtisadi potensialının yenidən qurulması dayanırdı.
Bu istiqamətdə genişmiqyaslı tikinti və quruculuq işlərinə başlanıldı. Yeni yollar, hava limanları, yaşayış məntəqələri, məktəblər və digər sosial infrastruktur obyektləri istifadəyə verildi. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin edilməyə başlandı.
Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin edilməsi istiqamətində diplomatik fəaliyyət davam etdirildi. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır.
Vətən müharibəsində qazanılan Qələbənin arxasında böyük qəhrəmanlıq və ağır itkilər dayanır. Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin yaşadılması, onların ailələrinin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Müharibədə sağlamlığını itirmiş qazilərin reabilitasiyası, müalicəsi, mənzil və avtomobillərlə təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələri və müharibə iştirakçıları üçün nəzərdə tutulan sosial dəstək proqramları onların rifahının yaxşılaşdırılmasına xidmət edir.
Bu qayğı yalnız sosial təminat məsələsi deyil, həm də Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş insanlara dövlət və cəmiyyət tərəfindən göstərilən ehtiramın ifadəsidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təcəssümüdür. Bu Qələbə sübut etdi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasət ən mürəkkəb tarixi vəzifələrin həllinə imkan yaradır.
Bu gün Zəfər yalnız keçmişin qürurverici hadisəsi deyil, həm də gələcək nəsillər üçün böyük məsuliyyət və örnəkdir. Azərbaycan xalqı öz qəhrəmanlarını, şəhidlərini və qazilərini heç vaxt unutmayacaq. Zəfər salnaməmiz isə tariximizdə əbədi yaşayacaq.
Bakı şəhəri, Sabunçu rayonu 128 nömrəli tam ümumtəhsil məktəbinin tarix müəllimi Jalə Qurbanova
- 2

