ZƏFƏRƏ APARAN YOL VƏ AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü, sadəcə bir təqvim günü deyil, milli qürurumuzun, sarsılmaz birliyimizin və hərbi qüdrətimizin rəmzidir. Ölkəmiz uzun illər boyu torpaqlarının işğalı problemi ilə qarşı-karşıya qalmış, beynəlxalq birliyin səssizliyi fonunda “dondurulmuş münaqişə” vəziyyəti yaradılmışdı. Lakin Azərbaycan heç vaxt bu ədalətsizliklə barışmadı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
Qələbəyə gedən yol dövlətimizin düşünülmüş iqtisadi və siyasi strategiyasından keçirdi. Ölkə büdcəsində hərbi xərclərin mütəmadi olaraq artırılması Silahlı Qüvvələrimizi ən müasir silah və texnikalarla təmin edərək ordumuzu daha da gücləndirirdi. Dövlət başçısı bu barədə belə bəyan etmişdir: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.” Məhz bu güclü ordu və hərbçilərimizin “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə atılması tarixi ədalətin bərpasını təmin etdi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan hərb tarixinə şanlı səhifə kimi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz hər gün irəliyə doğru addımlayaraq düşməni torpaqlarımızdan qovdu: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Prezident İlham Əliyevin müharibə dövründəki prinsipial mövqeyi, xalqa müraciətləri və çıxışları bütün ölkə əhalisi tərəfindən böyük ruh yüksəkliyi və təqdir ləyaqəti ilə qarşılandı. Bu prosesin məntiqi nəticəsi kimi Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın tarixi Qələbəsini dünyaya bir daha nümayiş etdirdi.
Müharibədən sonrakı dövrdə də regional təhlükəsizlik və hüquqi addımlar uğurla davam etdirildi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması və ardından həyata keçirilən bir günlük lokal antiterror əməliyyatı separatizmin kökünü kəsdi. Dövlət başçısının qeyd etdiyi kimi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.” Bu gün Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nəticələr əldə olunmaqdadır və ölkəmiz beynəlxalq hüquqa əsaslanan ədalətli sülh tərəfdarıdır.
İşğaldan azad edilmiş torpaqlarda indi böyük quruculuq missiyası başlanmışdır: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.” Bununla yanaşı, dövlətimiz qəhrəman şəhidlərimizin ailələrini və qazilərimizi hər tərəfli sosial dəstək paketi ilə əhatə edir. Ali Baş Komandan bu mövzuda dövlətin qətiyyətini belə ifadə edir: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır... Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”
Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər atdığı hər bir addım məhz Azərbaycanın güclənməsinə və torpaqlarımızın azadlığına yönəlmişdi. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.” İndi qarşıda duran ən mühüm vəzifə milli birliyimizi daimi saxlamaqdır, çünki qüdrətli Azərbaycanın dünyada oynadığı rol və önəmi hər gün daha da artır.
Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəb
Rəqəmsal Bacarıqlar layihəsi müəllimi: Quliyeva Şahnur
- 1

