"Bloomberg": Tramp ABŞ-ı qapalı iqtisadiyyata çevirir və dolların etibarını sarsıdır

Dünyada artıq ABŞ milli valyutasının - dolların sabit və etibarlı aktiv olub-olmaması ilə bağlı şübhələr yaranır. Əgər ABŞ-ın hazırkı administrasiyası eyni siyasəti davam etdirsə, dollar inkişaf etməmiş ölkələrin pul vahidlərinə bənzəyəcək.
Bu barədə "Bloomberg" agentliyinin şərhçisi Şuli Jen bildirib.
Məqalə müəllifinə görə, dolların statusunun zəifləməsinə səbəb ABŞ prezidenti Donald Trampın bir çox ölkələrə qarşı tətbiq etdiyi yüksək gömrük rüsumlarıdır. Şuli Jen hesab edir ki, Tramp bu addımları ilə ABŞ-ı qapalı iqtisadiyyata çevirir və bununla da dolların beynəlxalq aləmdəki etibarını sarsıdır. Onun sözlərinə görə, dollar ətrafında artıq ciddi müzakirələr başlanıb.
"Əgər ABŞ iqtisadi cəhətdən bir adaya çevrilirsə, o zaman dolları almağın mənası nədir?” deyə Jen yazıb.
Qeyd olunur ki, 2 aprel tarixində Tramp bütün idxal mallarına 10% həcmində bazar rüsumu tətbiq ediləcəyini açıqlayıb. Bəzi ölkələr isə daha yüksək tariflərlə üzləşib. Ümumilikdə, bu tədbirlərin əhatə etdiyi ölkələrin sayı 185-ə çatıb. Siyahıya Birləşmiş Krallıq, Çin, Yaponiya, Avropa İttifaqı ölkələri və keçmiş SSRİ-dən olan Qazaxıstan, Moldova və Ukrayna daxildir. Rusiya və Belarus isə siyahıda yer almayıb, çünki artıq ABŞ-ın ağır tarif və sanksiyaları ilə üzləşiblər.
Ekspertlər Trampı bu siyasətin ABŞ-da məhsulların qiymətinin artmasına və qlobal tədarük zəncirlərinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdar ediblər. Lakin Tramp bu tədbirləri ölkənin milli maraqlarını qorumaq məqsədi ilə atdığını bildirir.(qaynarinfo)
- 0