Laçında təhsil sisteminin bərpası da prioritet sahələrdən biridir
Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm yer tutan, coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən Laçın şəhəri, uzun illər işğal altında qalmasına baxmayaraq, Azərbaycan xalqının iradəsi, birliyi və əzmkar mübarizəsi sayəsində azad olunmuş və bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatına yenidən inteqrasiya olunmaqdadır. Laçın Şəhəri Günü yalnız bir coğrafi ərazinin xatırlanması deyil, eyni zamanda, xalqımızın milli qürurunun, torpaq sevgisinin və dövlətə sədaqətinin təcəssümüdür.
Laçın rayonu 1924-cü ildə inzibati ərazi vahidi kimi təşkil olunmuşdur.
Qarabağın qərbində yerləşən bu ərazi Ermənistanla Azərbaycan arasında keçid rolunu oynayır. 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə Laçın şəhəri və onun kəndləri böyük humanitar
fəlakətə məruz qaldı. Yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü, mədəni və tarixi abidələr dağıdıldı.
Lakin bu işğal xalqımızın iradəsini sarsıtmaq əvəzinə daha da gücləndirdi.
2020-ci ildə Vətən Müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində 1 dekabr 2020-ci il tarixində Laçın rayonu siyasi yolla Azərbaycana qaytarıldı. 2022-ci ilin avqust ayında isə Azərbaycan Ordusu Laçın şəhərinə tam nəzarəti bərpa etdi və şəhərin real mənada azadlığı təmin olundu.
Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Ağıllı kənd konsepsiyası, infrastruktur layihələri, yol-nəqliyyat sisteminin bərpası və sosial obyektlərin tikintisi Laçının yeni dövrə qədəm qoyduğunu göstərir. Artıq bir neçə ailə doğma Laçına qayıdıb və bu proses davam edir. Məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri yenidən qurularaq istifadəyə verilir.
Laçında təhsil sisteminin bərpası da prioritet sahələrdən biridir. Müasir təhsil infrastrukturu yaradılır, müəllim heyəti ilə təminat gücləndirilir, şagirdlərə və valideynlərə yönəlik maarifləndirici tədbirlər keçirilir. Gələcəkdə bu torpağın yetirmələri arasında elm və təhsil sahəsində uğurlar qazanan gənclərin yetişməsi üçün baza artıq qurulmaqdadır. Azərbaycanın suverenliyinin və dövlətçiliyinin bərpasını simvolizə edir. Bu gün
biz təkcə Laçını deyil, bütövlükdə azad olunmuş torpaqlarımızda bərqərar olan sabitliyi, inkişafı və vətəndaşlarımızın rifahını qeyd edirik.
Azərbaycan müəllimi olaraq biz bu əlamətdar günü gənc nəslə düzgün təbliğ etməli, vətənpərvərlik ruhunu gücləndirməli və tariximizə sahib çıxmalıyıq.
Çünki gələcəyin Laçını bugünkü şagirdlərin düşüncəsində və ruhunda formalaşır.
Qarabağ Azərbaycandır! Laçın Azərbaycandır!
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta
ümumtəhsil məktəbi publik hüquqi şəxsi,
İbtidai sinif müəllimi Təranə Ağabəyova
- 0