26 Avqust – Laçın Şəhəri Günü

26 avqust Azərbaycan tarixində mühüm və qürurverici günlərdən biri kimi qeyd olunur. Bu gün Laçın şəhərinin işğaldan azad olunması ilə bağlıdır və artıq hər il “Laçın şəhəri günü” kimi qeyd edilir. Laçın rayonu uzun illər Ermənistanın işğalı altında qalmış, 2020-ci il Vətən müharibəsindən sonra isə Azərbaycan Ordusunun gücü və siyasi iradəsi nəticəsində yenidən Azərbaycanın suverenliyi altına qayıtmışdır.
2022-ci ilin 26 avqust tarixində Azərbaycan Silahlı Qüvvələri Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində tam nəzarəti bərpa etmiş, dövlət bayrağımız bu qədim və strateji əhəmiyyətə malik ərazilərdə ucaldılmışdır.
Laçın şəhəri Azərbaycanın Qarabağ bölgəsində, füsunkar təbiətə malik dağlıq ərazidə yerləşir. Strateji mövqeyinə görə tarixən mühüm əhəmiyyət kəsb etmişdir. Şuşa ilə Ermənistan arasında yerləşən Laçın dəhlizi uzun müddət region üçün mühüm tranzit yolu funksiyasını daşıyıb. İşğal dövründə Laçın rayonu və eyniadlı şəhər Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma və mədəni irsə qarşı vandalizm aktlarına məruz qalmışdır. Bu proses beynəlxalq hüquq normalarına və insanlıq prinsiplərinə zidd olaraq həyata keçirilmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasına şərait yaratdı. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Laçın rayonu həmin ilin dekabrında Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri və ətrafındakı bir neçə kənd müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində saxlanılırdı. Bu müddətdə Azərbaycan dövləti alternativ Laçın yolunun çəkilişinə başladı və yeni yol istifadəyə verildikdən sonra, 2022-ci ilin 26 avqust tarixində Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu.
Bu əlamətdar tarix yalnız hərbi deyil, eyni zamanda siyasi və diplomatik uğurun nəticəsidir. Laçının azad olunması təkcə torpaqlarımızın geri qaytarılması deyil, həm də bölgədə bərpa, yenidənqurma və inkişaf mərhələsinin başlanğıcı oldu.
Hazırda Laçın şəhərində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin yenidən qurulması, infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, təbii mühitin qorunması və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Artıq Laçına köçlər başlayıb və sakinlər öz ata-baba yurdlarına qayıdırlar. Bu proses "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilir və Laçın yenidən əvvəlki həyatına qovuşur.
26 avqust tarixi Laçınlılar və ümumilikdə Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu gün həm də şəhidlərimizin xatirəsini anma, onların ruhuna ehtiram göstərmə günüdür. Laçının azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq.
Azərbaycan xalqı bu şanlı günü hər il böyük iftixarla qeyd edəcək, Laçın şəhərinin azadlığı uğrunda göstərilən mübarizəni və qazanılmış qələbəni gələcək nəsillərə çatdıracaqdır.
26 avqust təkcə bir şəhərin azad olunduğu gün deyil, həm də xalqımızın iradəsinin, dövlətimizin gücünün və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir.
Laçın Azərbaycanındır və əbədi olaraq Azərbaycan qalacaq!
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
---
- 1