Antiterror əməliyyatları siyasi baxımdan mühüm əhəmiyyətə malikdir
Azərbaycan Respublikasının keçirdiyi antiterror əməliyyatları həm hərbi, həm də siyasi baxımdan mühüm strateji əhəmiyyətə malikdir. Bu əməliyyatlar ölkə tarixində qızıl hərflərlə yazılacaq hadisələrdən biridir və eyni zamanda dünya hərb tarixində nadir rast gəlinən, yüksək dəqiqliklə planlaşdırılmış nümunəvi əməliyyatlardan sayılır. Əməliyyatın ən diqqətçəkən xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir nəfər də olsun mülki şəxs zərər çəkməmişdir. Ərazidə yaşayan mülki əhalinin təhlükəsizliyi tam təmin olunmuş, onlara əvvəlcədən vaxt ayrılmış, ərzaq və yanacaq yardımı göstərilmiş, nəticə etibarilə ərazidən könüllü şəkildə çıxmaları təmin edilmişdir. Bu, Azərbaycanın humanist və beynəlxalq hüquq normalarına sadiq bir şəkildə hərəkət etdiyini bir daha nümayiş etdirmişdir. Yalnız bir gün ərzində qarşıya qoyulan bütün məqsədlərə tam şəkildə nail olunmuş, geniş ərazilər üzərində suveren nəzarət bərpa edilmişdir. Bu cür sürətli və effektiv əməliyyatların bənzəri nə regionda, nə də beynəlxalq praktikada geniş şəkildə müşahidə olunmur.
Azərbaycan üçün bu hadisənin ən mühüm tarixi əhəmiyyəti isə ondan ibarətdir ki, ölkənin suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunmuşdur. Əgər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişdisə, bu dəfə bir günlük antiterror əməliyyatı ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri də tam şəkildə reallaşdırılmışdır. İkinci Dünya müharibəsindən bu yana bu cür geniş miqyasda həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini bərpa edən yeganə ölkə kimi Azərbaycan dünya hərb tarixinə unikal bir nümunə kimi düşür.
Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin və suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımları sırasında şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın yeni dövrünün başlanğıcı kimi dəyərləndirilən 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamda deyildiyi kimi bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Bütün bu uğurlar, şübhəsiz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Bu hadisələr Azərbaycan tarixində əbədi iz buraxacaq, xalqımız isə bu günü qürurla xatırlayacaq və öz ordusu ilə daim fəxr edəcək.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
- 0