Azərbaycan elmi beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiya olunmaqla, dünya elmi məkanında öz yerini daha da möhkəmləndirir

Son on ildə Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmış, elmi tədqiqatların keyfiyyəti və əhatə dairəsi xeyli genişlənmişdir. Bu, ölkəmizdə elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasının bariz nümunəsidir. Elm və təhsilin inkişafı məsələləri hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Bütün fəaliyyəti xalqın rifahına və dövlətin qüdrətinə xidmət edən ümummilli lider Heydər Əliyev elmə və elm xadimlərinə hər zaman yüksək qiymət vermiş, Azərbaycan elminin inkişafı istiqamətində mühüm qərarlar qəbul etmişdir. Onun rəhbərliyi dövründə ölkədə rabitə, informasiya texnologiyaları, elektronika sənayesi və kosmik tədqiqatlar kimi strateji əhəmiyyətli sahələr formalaşmış, müasir tipli elektron və cihazqayırma zavodları fəaliyyətə başlamışdır. Eyni zamanda, elmin, texnikanın və təhsilin inkişafına mane olan çətinliklərin aradan qaldırılması üçün mühüm islahatlar həyata keçirilmişdir.
2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusunun verilməsi, 2002-ci ildə Naxçıvan Bölməsinin yaradılması və 2003-cü ildə AMEA-nın Nizamnaməsinin təsdiqi ölkəmizdə elmin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu qərarlar elmi fəaliyyətin daha sistemli, müasir və beynəlxalq standartlara uyğun şəkildə qurulmasına imkan yaratmışdır.
Hazırda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə elmi fəaliyyətin stimullaşdırılması, gənc alimlərin dəstəklənməsi və innovativ layihələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə, “2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun icrası ilə bağlı Dövlət Proqramı elmi mühitin yenilənməsinə, elmi-tədqiqat infrastrukturunun müasirləşdirilməsinə böyük töhfə vermişdir. Bununla yanaşı, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkədə elmi idarəetmənin hüquqi bazasını daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyevin təhsil və elmə göstərdiyi davamlı diqqət və qayğı nəticəsində bu sahələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənmişdir. Son illərdə respublikanın bütün bölgələrində yeni məktəblər, universitet binaları və elmi mərkəzlər tikilmiş, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulmuşdur. Dövlət büdcəsindən təhsil və elm sahələrinə ayrılan xərclərin ildən-ilə artması, gənclərin xaricdə təhsili üçün geniş imkanların yaradılması Azərbaycanın gələcəyinin bilik və elm üzərində qurulduğunu bir daha təsdiq edir.
Bu gün Azərbaycan elmi beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiya olunmaqla, dünya elmi məkanında öz yerini daha da möhkəmləndirir. Elmə göstərilən yüksək dövlət qayğısı ölkənin intellektual potensialının güclənməsinə, innovativ iqtisadiyyatın formalaşmasına və milli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə xidmət edir.
Maştağa qəsəbəsi, 108 nömrəli tam orta ümumtəhsil məktəbinin
Tarix müəllimi Aynur Abbasova
- 1

