Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi.
“Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər” - Prezident İlham Əliyev bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir.
“Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir” - Azərbaycan Prezidenti deyib.
Ölkə başçısı son 10 ildə dünyada və Azərbaycanda baş verən proseslər barədə də danışıb. Qeyd edib ki, həmin müddət ərzində Azərbaycan dünyanın heç bir ölkəsinin əldə edə bilmədiyi tam Qələbəni əldə edib, indi isə işğaldan azad olunmuş torpaqlarımızda abadlıq və quruculuq işləri aparılır: “Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun”.
Dövlət başçısı qeyd edib ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.
“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik” - Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı bildirib ki, bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır.
Digər vacib məsələ kimi Azərbaycan Prezidenti kibertəhlükəsizliklə bağlı danışıb. Qeyd edib ki, indi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır.
Daha sonra dövlət başçısı Azərbaycanda hərbi sənayenin inkişafından danışıb və deyib ki, bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar: “Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər”.
Sonra Prezident İlham Əliyev Azərbaycanın pilotsuz uçuş aparatlarını istehsal etməyə başladığını bildirib. mışıq və bunu davam etdirəcəyik: “Pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür”.
Prezident İlham Əliyev azərbaycanlıların indiki Ermənistana qayıtması barədə danışıb və deyib ki, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”.
Dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olduğunu deyib: “Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova
- 1

