Azərbaycan alimləri ölkənin intellektual potensialının əsas dayağıdır

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında Azərbaycan elminin inkişaf yolunu yüksək qiymətləndirərək qeyd edib ki, ölkəmiz elmi sahədə daim irəliləyib və bu sahəyə dövlət səviyyəsində böyük dəstək göstərilib. Prezident İlham Əliyev elmin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır.
1970-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan elminin idarə olunmasında yeni mərhələ başlanmış, bir neçə elmi-tədqiqat institutu yaradılmış, alimlərin fəaliyyəti üçün geniş şərait təmin olunmuşdur. Həmin dövrdə elmə böyük vəsait ayrılmış, Akademiyanın strukturunda islahatlar aparılmış və elmi potensialın artımı üçün xarici təhsil proqramları həyata keçirilmişdir. Minlərlə gənc Sovet İttifaqının aparıcı universitetlərinə göndərilərək sonradan ölkəyə qayıdıb milli intellektual kadrların formalaşmasına mühüm töhfə vermişlər.
Prezident İlham Əliyev xatırladıb ki, müstəqilliyin ilk illərində, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmin qorunması və alimlərin sosial müdafiəsi dövlət prioriteti kimi saxlanılmışdır. Maliyyə çətinliklərinə baxmayaraq, Akademiyanın fəaliyyəti bərpa olunmuş, elmin inkişafı üçün mühüm addımlar atılmışdır.
Cənab Prezident bildirib ki, bu gün də Ulu Öndərin müəyyən etdiyi elmi inkişaf xətti uğurla davam etdirilir. Elmə ayrılan vəsait son on ildə iki dəfədən çox artmış, elmi infrastruktur yenilənmişdir. Elm Fondu, Elmin İnkişafı üzrə Milli Strategiya və “Elm haqqında” Dövlət Proqramı Heydər Əliyev siyasətinin davamı kimi həyata keçirilir. Akademiyanın binalarının təmiri, yeni kitabxana və Milli Ensiklopediya binasının inşası bu siyasətin praktik nəticələridir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan alimləri ölkənin intellektual potensialının əsas dayağıdır və texnoloji inkişaf dövründə onların rolu daha da artmalıdır. Son illərdə elmin maddi-texniki bazası möhkəmlənib, elmi-tədqiqat institutları yenilənib. Cənab Prezident qeyd edib ki, texnoloji inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələri gələcəyin əsas prioritetləridir və alimlər bu istiqamətlərdə fəal iştirak etməlidirlər.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın iqtisadi müstəqilliyinin və güclü maliyyə potensialının elmin, sənayenin və hərbi sahənin inkişafına şərait yaratdığını vurğulayıb. Bərpa olunan enerji, hərbi sənaye və rəqəmsallaşma istiqamətində böyük nailiyyətlər əldə olunub.
Cənab Prezident Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və geoloji işlərə toxunaraq alimləri bu proseslərdə fəal iştiraka çağırıb. Prezident İlham Əliyev həmçinin Azərbaycanın tarixi həqiqətlərinin və toponimlərinin dünyada elmi əsaslarla təbliğinin vacibliyini qeyd edib.
Nitqinin sonunda Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasının milli məsələ olduğunu bildirərək alimləri və ictimaiyyəti bu istiqamətdə daha fəal olmağa səsləyib. Cənab Prezident həmçinin yaxın günlərdə qeyd ediləcək 5 illik Zəfər bayramının xalqımız üçün qürur mənbəyi olduğunu vurğulayıb və Heydər Əliyev siyasətinin elmin inkişafında bu gün də yaşayaraq yeni formalarla zənginləşdiyini qeyd edib.
Bilgəh qəsəbəsi, 142 Nömrəli tam orta məktəb
Tarix müəllimi Xəyalə Bağırova
- 1

