Azərbaycan–Türkmənistan münasibətləri: tarixi köklərdən strateji tərəfdaşlığa

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər qədim tarixi, mədəni və mənəvi bağlara əsaslanır. Azərbaycan və türkmən xalqlarını ortaq dil, mədəniyyət, adət-ənənələr, tarixi yaddaş və Xəzər dənizi ətrafında formalaşmış ümumi coğrafi məkan birləşdirir. Müstəqil dövlətlər kimi iki ölkə arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur. Sonrakı illərdə qarşılıqlı diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması əlaqələrin institusional əsasını möhkəmləndirmişdir. Türkmənistanın Azərbaycandakı səfirliyi 1999-cu ildən, Azərbaycanın Türkmənistandakı səfirliyi isə 2002-ci ildən fəaliyyət göstərir.
Müstəqillik illərində Azərbaycan–Türkmənistan əlaqələri siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər istiqamətlərdə tədricən inkişaf etmişdir. Xüsusilə dövlət başçıları arasında qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır.
Münasibətlərin inkişafında mühüm mərhələlərdən biri 8 avqust 2017-ci ildə Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması olmuşdur. Bu sənədlə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş, siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranmışdır. Həmin dövrdə Bakı və Türkmənbaşı limanları arasında dəmir yolu-bərə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı sənədlərin də imzalanması Xəzərin iki sahilini birləşdirən nəqliyyat imkanlarının əhəmiyyətini artırmışdır.
Azərbaycan–Türkmənistan münasibətlərində növbəti mühüm hadisə 21 yanvar 2021-ci ildə Xəzər dənizində “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunun imzalanması oldu. Azərbaycan və Türkmənistan hökumətləri arasında imzalanan bu sənəd Xəzərdə karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi istiqamətində əməkdaşlığın hüquqi əsaslarından birini formalaşdırdı. “Dostluq” yatağı ilə bağlı razılaşma iki ölkənin Xəzər dənizində əməkdaşlığının yeni mərhələyə keçməsinin mühüm nümunələrindən biri kimi qiymətləndirilir.
Son illərdə Azərbaycan–Türkmənistan münasibətlərində siyasi dialoq daha da intensivləşmişdir. Qarşılıqlı yüksək səviyyəli səfərlərin artması iki ölkə arasında mövcud əlaqələrin inkişafına verilən əhəmiyyətin göstəricisidir. Azərbaycan və Türkmənistan beynəlxalq və regional təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlıq və dəstək nümayiş etdirirlər.
Bu münasibətlərin məntiqi davamı olaraq 8 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfər etmişdir. Dövlət başçısı Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmiş və çıxış etmişdir. Bu, Azərbaycanın 2025-ci ilin noyabrında həmin Məşvərət formatının tamhüquqlu iştirakçısına çevrilməsindən sonra keçirilən mühüm görüşlərdən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul edilməsinə göstərilən dəstəyə görə Mərkəzi Asiya ölkələrinin liderlərinə, xüsusilə Türkmənistana təşəkkürünü bildirmişdir.
Səfər çərçivəsində Azərbaycan Prezidenti Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla da görüşmüşdür. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanmış, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilmişdir. Prezident İlham Əliyevin sözlərinə görə, ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi əlaqələrin intensivliyini göstərir.
8 oktyabr görüşündə Azərbaycan–Türkmənistan münasibətlərinin yalnız siyasi əlaqələrlə məhdudlaşmadığı, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələri də əhatə etdiyi bir daha nümayiş etdirilmişdir. Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin Azərbaycan ilə Mərkəzi Asiyanı birləşdirən mühüm nəqliyyat məkanı olduğunu qeyd etmiş, Orta Dəhlizin və Xəzər üzərindən yükdaşımaların əhəmiyyətinin artdığını bildirmişdir. Energetika sahəsində də Türkmənistan neftinin Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara çıxarılması, həmçinin gələcəkdə bərpaolunan enerji istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Türkmənistan münasibətlərinin humanitar və mənəvi ölçüsü də xüsusi diqqət çəkir. Prezident İlham Əliyev 8 oktyabr tarixli çıxışında Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscid tikilməsini xüsusi qeyd etmişdir. Bu layihə iki xalq arasında dostluq və mənəvi yaxınlığın rəmzlərindən biri kimi təqdim olunmuşdur.
8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində keçirilən görüşlərin nəticəsi olaraq Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçıları Birgə Bəyanat və Məşvərət görüşünün normativ sənədləri ilə bağlı qərar imzalamışlar.
Beləliklə, Azərbaycan–Türkmənistan münasibətləri 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından başlayaraq ardıcıl inkişaf yolu keçmiş, 2017-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, 2021-ci ildə “Dostluq” yatağı ilə bağlı mühüm razılaşma ilə iqtisadi-enerji əməkdaşlığında yeni mərhələyə qədəm qoymuşdur. 8 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin Türkmənistana səfəri isə bu münasibətlərin müasir mərhələdə siyasi, iqtisadi, nəqliyyat, energetika və humanitar istiqamətlər üzrə daha da genişləndiyini nümayiş etdirən mühüm hadisə olmuşdur.
Bu münasibətlərin əsasında iki xalqı birləşdirən tarixi və mədəni yaxınlıq, qarşılıqlı hörmət və dövlətlərarası əməkdaşlığın davamlı inkişafı dayanır.
Maştağa qəsəbəsi, C.Cabbarlı adına 187 nömrəli tam ortaümumtəhsil məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Məmmədova.
- 2

