Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ: strateji tərəfdaşlıqdan ortaq layihələrə

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması, ticarət və investisiya əlaqələrinin genişlənməsi, nəqliyyat və enerji layihələrinin yeni məzmun qazanması region ölkələri arasında əməkdaşlığın artıq ikitərəfli münasibətlər çərçivəsindən daha geniş müstəviyə keçdiyini göstərir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı da bu prosesin əsas istiqamətlərini ortaya qoydu.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yalnız ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrdən ibarət olmadığını, bütövlükdə regionun siyasi və iqtisadi əməkdaşlıq mexanizmlərində fəal iştirak etdiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında bu qərarın qəbul edilməsində Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü xüsusi qeyd edib.
Azərbaycanın bu formata qoşulması eyni zamanda tarixi, siyasi və geostrateji baxımdan bir-birinə yaxın olan türk dövlətləri arasında əməkdaşlığın daha da institusionallaşması kimi qiymətləndirilə bilər. Xəzər dənizi isə Azərbaycanla Mərkəzi Asiya arasında həm coğrafi, həm də iqtisadi baxımdan mühüm bağlantı rolunu oynayır.
Dostluqdan strateji tərəfdaşlığa
Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə sürətli inkişafı regional əməkdaşlığın mühüm göstəricilərindən biridir. Ötən ildən etibarən ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsi iki ölkə arasında siyasi dialoqun intensivliyini göstərir.
Bu münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması da diqqət çəkir. Türkmənistanın Füzuli şəhərində məscid tikintisini həyata keçirməsi iki xalq arasında mənəvi bağların daha bir ifadəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşəbbüs qardaş Türkmənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi mənəvi dəstəyin nümunəsidir.
Eyni zamanda Mərkəzi Asiyanın digər ölkələri də Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində öz töhfələrini verirlər. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu dəstəyin konkret nümunələridir.
Bu layihələrin əhəmiyyəti yalnız tikilən binalarla ölçülmür. Onlar Azərbaycanla Mərkəzi Asiya xalqları arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq tarixi-mədəni bağların praktiki ifadəsinə çevrilir. Azad edilmiş ərazilərdə məktəblərin, mədəniyyət və dini obyektlərin yaradılması region dövlətlərinin Azərbaycanın bərpa prosesinə siyasi və mənəvi münasibətini də nümayiş etdirir.
İqtisadi əməkdaşlıq yeni mərhələdə
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında iqtisadi istiqamət də xüsusi dinamika ilə inkişaf edir. Son illərdə yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaradıb. Qarşılıqlı səfərlərin intensivləşməsi, yeni sazişlərin imzalanması və investisiya layihələrinin həyata keçirilməsi bunun göstəricisidir.
Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması əməkdaşlığın iqtisadi ölçüsünün genişləndiyini göstərir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi maraqların artdığını təsdiqləyir.
Lakin qarşıdakı mərhələdə əsas məqsəd yalnız ticarət dövriyyəsinin artırılması olmamalıdır. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər də məhz bu məqamı önə çıxarır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir.
Bu imkanlar yeni istehsal müəssisələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi və birgə məhsulların xarici bazarlara çıxarılması üçün ciddi potensiala malikdir. Başqa sözlə, region ölkələri arasında əməkdaşlığın növbəti mərhələsi “almaq-satmaq” modelindən “birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq” modelinə keçidi tələb edir.
Orta Dəhliz Azərbaycanın və regionun imkanlarını artırır
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Xəzər dənizi bu baxımdan iki region arasında təbii körpü funksiyasını yerinə yetirir. Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında Azərbaycan üzərindən keçən marşrutların əhəmiyyəti getdikcə artır.
Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yatırıb. Dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının modernləşdirilməsi ölkənin tranzit imkanlarını genişləndirib. Bu infrastruktur Azərbaycanın yalnız milli iqtisadiyyatının deyil, bütövlükdə regionun nəqliyyat sisteminin mühüm halqasına çevrilməsinə şərait yaradıb.
Bu prosesdə Orta Dəhliz xüsusi yer tutur. Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaları üçün alternativ marşrutlardan biri kimi Orta Dəhlizə marağın artması Azərbaycanın tranzit əhəmiyyətini daha da yüksəldir. Prezident İlham Əliyevin məlumatına görə, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Marşrutun rəqabətqabiliyyətinin artırılması üçün yalnız fiziki infrastrukturun inkişafı kifayət deyil. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, logistika xidmətlərinin təkmilləşdirilməsi və daşımaların sürətinin artırılması da mühüm əhəmiyyət daşıyır. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi istiqamətində görülən işlər də regionun nəqliyyat və kommunikasiya imkanlarının gələcəkdə daha geniş perspektivlər qazanmasına xidmət edir.
Enerji əməkdaşlığı yeni imkanlar yaradır
Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının digər strateji istiqaməti energetikadır. Azərbaycan artıq Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit ölkələrdən birinə çevrilib. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəql edilməsi Xəzərin iki sahili arasında enerji əməkdaşlığının praktiki nəticələrindən biridir.
Bununla yanaşı, enerji gündəliyi tədricən dəyişir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələri də regional əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması ilə bağlı birgə fəaliyyət bunun göstəricisidir.
Bu layihələr yalnız enerji istehsalı və ixracı baxımından deyil, regionun enerji təhlükəsizliyi və yeni enerji bazarlarına inteqrasiyası baxımından da əhəmiyyətlidir. Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən və enerji infrastrukturundan istifadə etməklə Mərkəzi Asiyanın enerji potensialının beynəlxalq bazarlara çıxarılmasında gələcəkdə daha mühüm rol oynaya bilər.
Yeni geosiyasi reallıq
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın sürətli inkişafı regionun geosiyasi əhəmiyyətinin də artdığını göstərir. Burada söhbət yalnız nəqliyyat və enerji layihələrindən getmir. Siyasi sabitlik, qarşılıqlı etimad, təhlükəsizlik və sülh regionun iqtisadi inkişafı üçün əsas şərtlərdir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakı bu baxımdan mühüm siyasi nəticədir. Ölkələrin ortaq maraqlar ətrafında daha sıx əməkdaşlıq etməsi onların beynəlxalq və regional məsələlərdə mövqelərinin daha yaxşı əlaqələndirilməsinə imkan yaradır.
Bu əməkdaşlıq modelinin əsas üstünlüyü ondan ibarətdir ki, onun təməlində yalnız iqtisadi maraqlar deyil, tarixi və mədəni yaxınlıq, qarşılıqlı hörmət və etimad dayanır. Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən bu amillər gələcəkdə daha genişmiqyaslı layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradır.
Nəticə etibarilə, Türkmənbaşı görüşündə səsləndirilən fikirlər Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin artıq yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi əməkdaşlığı, iqtisadi əməkdaşlıq isə nəqliyyat, enerji və investisiya layihələrini stimullaşdırır.
Qarşıdakı dövrdə əsas məsələ əldə olunan potensialı konkret layihələrə çevirmək olacaq. Birgə investisiyalar, yeni istehsal müəssisələri, genişlənən nəqliyyat marşrutları, yaşıl enerji dəhlizləri və rəqəmsal bağlantılar Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın praktiki nəticələrini daha da artıracaq.
Beləliklə, Xəzərin iki sahilində formalaşan yeni əməkdaşlıq platforması yalnız ayrı-ayrı dövlətlərin iqtisadi maraqlarına deyil, bütövlükdə regionun inkişafına xidmət edən genişmiqyaslı strateji tərəfdaşlıq modelinə çevrilir. Azərbaycanın bu prosesdə fəal iştirakı isə ölkənin həm Şərq-Qərb, həm də Mərkəzi Asiya-Avropa əlaqələrində rolunu daha da gücləndirir.
- 2

