Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusundadır

Xəzər dənizinin iki qardaş və sahil dövləti olan Azərbaycan və Türkmənistan arasındakı münasibətlər son illərdə keyfiyyətcə yeni müstəviyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ortq tarixi köklər, mədəni-dil bağı və coğrafi yaxınlıq üzərində qurulan bu əlaqələr bu gün Avrasiya qitəsinin enerji təhlükəsizliyində, nəqliyyat-logistika xəritəsinin yenidən formalaşmasında və regional sabitlikdə həlledici rol oynayır.
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsindən sonra iki ölkə arasında yaranan yeni əməkdaşlıq ab-havası Xəzər hövzəsini rəqabət meydanından əməkdaşlıq və sülh zonasına çevirmişdir. Geosiyasi baxımdan Azərbaycan və Türkmənistan Avropa ilə Asiyanın qovşağında, mürəkkəb maraqların və qlobal güclərin kəsişdiyi unikal coğrafi mövqedə yerləşirlər. Hər iki ölkənin xarici siyasətində müstəqillik, milli suverenlik və kənar müdaxilələrə qarşı dayanıqlılıq əsas prioritetdir. Türkmənistanın BMT tərəfindən rəsmən tanınmış daimi bitərəflik statusu ilə Azərbaycanın fəal, çoxşaxəli və balanslı xarici siyasəti Xəzər regionunda sülhün və təhlükəsizliyin qorunmasında bir-birini tamamlayır. Türkmənistanın TDT-də müşahidəçi qismində təmsil olunması türk dünyasının geosiyasi birliyini möhkəmləndirən, iqtisadi və mədəni əlaqələri dərinləşdirən mühüm amildir. Bu inteqrasiya Xəzər dənizini daxili türk dənizinə çevirərək regional təhlükəsizlik mühitini gücləndirir.
Azərbaycan və Türkmənistan dünya miqyasında nəhəng neft və təbii qaz ehtiyatlarına malik dövlətlərdir. Avropanın enerji təchizatının şaxələndirilməsinə ehtiyac duyduğu müasir dövrdə bu iki ölkənin enerji resursları qlobal miqyasda həlledici çəkiyə malikdir. Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində yerləşən "Dostluq" hydrocarbon yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında imzalanmış Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələ açıb. Bu razılaşma dənizdəki sərhəd mübahisələrinin qarşılıqlı anlaşma və dostluq yolu ilə həll olunmasının mütərəqqi nümunəsidir. Türkmənistan qazının Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına və Avropaya nəqli istiqamətində müzakirələr qlobal enerji xəritəsinin gələcəyini formalaşdırır. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması Xəzərin şərq sahilindəki resursların da bu sistemə qoşulması üçün geniş perspektivlər yaradır.
Qlobal təchizat zəncirlərinin pozulduğu və ənənəvi şimal marşrutlarının aktuallığını itirdiyi bir dövrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiya qitəsinin əsas ticarət damarına çevrilib. Bu dəhlizin funksionallığında Azərbaycan və Türkmənistanın nəqliyyat infrastrukturu həlledici rol oynayır. Xəzərin qərb sahilində yerləşən Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanı ilə şərq sahilindəki Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında qurulan intensiv bərə və konteyner daşımaları sistemləri Asiya ilə Avropa arasındakı yükdaşıma vaxtını və tranzit xərclərini minimuma endirir. Mərkəzi Asiyanı Xəzər üzərindən Azərbaycanın dəmir yolu şəbəkəsinə, oradan isə Qara dəniz limanlarına və Avropaya bağlayan nəqliyyat arteriyaları hər iki ölkənin tranzit potensialını qat-qat artırır. Zəngəzur dəhlizinin açılması perspektivləri bu logistik şəbəkənin imkanlarını daha da genişləndirəcəkdir.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri
- 1

