17 OKTYABR- FÜZULİ ŞƏHƏRİ GÜNÜ

Füzuli rayonu Azərbaycanının Qarabağ bölgəsində yerləşir. Ərazinin coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaratmışdır. Füzulinin tarixi və mədəni irsi də zəngindir. Burada müxtəlif dövrlərə aid memarlıq abidələri‚ türbələr‚ məscidlər və digər tarixi tikililər mövcud olmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu ağır döyüşlərin və işğalın təsirinə məruz qaldı. 23 avqust 1993-cü ildə Füzuli şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun tarixi-mədəni abidələrinə də ciddi ziyan dəydi.
Uzun illər ərzində Füzuli sakinləri öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar və bu torpaqların unudulmaması üçün mübarizə apardılar.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Füzuli şəhəri 17 oktyabr 2020-ci ildə işğaldan azad edildi. 2023-cü il 31 iyul tarixli Prezident Sərəncamına əsasən 17oktyabr Füzuli Şəhəri Günü kimi təsis edildi.
Azadlıqdan sonra Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Əhəmiyyətli layihələrdən biri Füzuli Beyləqan Hava Limanının istifadəyə verilməsidir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlayıb. Bu proses Füzulinin yenidən canlanmasını və bölgədə həyatın bərpasının mühüm göstəricisidir.
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq bariz nümunələrindən biri Füzulidə tikilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdir. Məktəbin açılışı 23 avqust 2023-cü ildə Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilib.
Məktəbdə 40 sinif otağı‚ altı laboratoriya‚ iki kompüter sinfi‚ kitabxana‚ idman zalı 500 yerlik akt zalı 320 yerlik yeməkxana yaradılıb. Həyətyanı sahədə futbol meydançası və idman üçün şəraitdə mövcuddur. Məktəb yalnız təhsil ocağı deyil‚ həm də Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının rəmzidir.
Füzulinin tarixi Azərbaycan xalqının ağrılı sınaqlarını‚ mübarizəsini və qələbəsini özündə birləşdirir. Şəhərin işğalı zamanı yaşanan dağıntılar və məcburi köçkünlük illəri xalqımızın yaddaşında dərin iz buraxmışdır. 17 oktyabr 2020-ci ildə Füzulinin azad olunması isə milli qürur və Zəfər tariximizin mühüm hadisələrindən biridir. Bu gün şəhərdə aparılan bərpa işləri‚ sakinlərin doğma yurdlarına qayıdışı və Özbəkistanın hədiyyə etdiyi müasir məktəb Füzulinin yenidən qurulduğunu göstərir.
Füzuli bu gün azad edilmiş bir şəhər deyil‚ həm də Azərbaycan xalqının yenilməz iradəsinin‚ qəhrəmanlığının və qurub-yaratmaq əzminin rəmzidir. Onun yenidən qurulması‚ sakinlərin doğma yurda qayıtması və uşaqların müasir məktəblərdə təhsil alması gələcəyə olan inamımızı gücləndirir. Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad ediləcək.
TELMAN İSGƏNDƏROV ADINA 142 NÖMRƏLİ TAM ORTA ÜMUMTƏHSİL MƏKTƏBİNİN TARİX MÜƏLLİMİ
HACIYEVA GÜNEL MƏHƏMMƏD
- 3

