17 OKTYABR – FÜZULİ ŞƏHƏRİ GÜNÜ: QƏLƏBƏDƏN QURUCULUĞA DOĞRU

2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsi Azərbaycan xalqının tarixi ədalətin bərpasına, milli birliyə və ərazi bütövlüyünə olan inamının təntənəsi oldu.Füzuli rayonu uzun illər işğal altında qalaraq böyük dağıntılara və məhrumiyyətlərə məruz qalmışdı. Şəhərin və kəndlərin infrastrukturu dağıdılmış, yaşayış məntəqələri viran qoyulmuşdu. Lakin xalqımızın Vətən sevgisi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində Füzuli yenidən azadlığa qovuşdu. Bu Zəfər həm də torpaqlarımızın hər qarışı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir.
Füzulinin azad edilməsindən sonra rayonun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bölgədə yol-nəqliyyat infrastrukturu, yaşayış məntəqələri və sosial obyektlər yenidən qurulmağa başladı. Füzuli–Şuşa avtomobil yolunun və Zəfər yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının inşası, Horadiz–Ağbənd və digər mühüm nəqliyyat layihələrinin həyata keçirilməsi regionun inkişafında yeni mərhələnin əsasını qoydu.2021-ci il oktyabrın 17-də Füzuli şəhərində aparılan bərpa-quruculuq işlərinin təməlqoyma mərasimləri azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində mühüm addım oldu. Bu gün Füzulidə müasir yaşayış məhəllələrinin salınması, sosial infrastrukturun yaradılması, iqtisadi imkanların genişləndirilməsi və sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir.Füzulinin dirçəlişində dost və qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Füzulidə məktəb tikintisinə verdiyi töhfə Azərbaycan–Özbəkistan qardaşlığının, həmrəyliyin və gələcək nəsillərə göstərilən qayğının bariz nümunəsidir. Qazaxıstanın dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq da azad edilmiş ərazilərin bərpasında dostluq münasibətlərinin əhəmiyyətini nümayiş etdirir.
Füzuli həm də zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və milli-mənəvi dəyərləri ilə seçilən bir diyardır. Bu torpağın yenidən canlanması yalnız binaların tikilməsi deyil, həm də tarixi yaddaşın, mədəni irsin və doğma yurda bağlılığın bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.
17 Oktyabr – Füzuli Şəhəri Günü hər bir azərbaycanlı üçün Zəfərin qədrini bilmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və milli birliyimizi qorumaq çağırışıdır. Bu gün Füzuli azadlığın, yenidənqurmanın və ümidin rəmzi kimi yüksəlir. Bir zamanlar dağıntılarla üz-üzə qalan bu torpaqda indi yeni həyat qurulur, gələcəyə inam möhkəmlənir.
Maştağa qəsəbəsi,293 saylı tam orta məktəbin
Coörafiya müəllimi Mail Kərimov
- 1

