Füzuli rayonunun işğaldan azad olunması Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu

Füzuli rayonunun işğaldan azad olunması Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Uzun illər işğal altında qalan və böyük dağıntılara məruz qalan rayonun yenidən qurulması dövlətimizin qarşısında duran əsas vəzifələrdən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı.2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli şəhərinə səfər edərək burada Azərbaycan bayrağını ucaltdı. Həmin gün Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Bu yol işğaldan azad edilmiş ərazilərin birləşdirilməsi və bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.2021-ci il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonunda hava limanının təməli qoyuldu. Fevralın 14-də Füzuli şəhərinin Baş planı təsdiqləndi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi keçirildi. Eyni zamanda, Horadiz-Ağbənd və Ağdam-Füzuli avtomobil yollarının inşası ilə bağlı işlər diqqət mərkəzində saxlanıldı.
İyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanışlıq oldu, “Füzuli” elektrik yarımstansiyasının açılışı keçirildi. Avqustun 29-da isə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi və Zəfər yolunda görülən işlər nəzərdən keçirildi. Hava limanının yaradılması bölgənin nəqliyyat imkanlarının genişlənməsi və iqtisadi inkişafı üçün mühüm addım oldu.
2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin gün Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu. Bu layihələr rayonun müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsinə xidmət edir.
Bu gün Füzulidə aparılan quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Əsas məqsəd insanların doğma torpaqlarına qayıtması, burada rahat yaşaması, işləməsi və gələcəyini qurması üçün şərait yaratmaqdır. Sosial infrastrukturun bərpası, yeni yaşayış məntəqələrinin salınması və müasir layihələrin həyata keçirilməsi Böyük Qayıdış Proqramının mühüm tərkib hissəsidir.Füzulidə aparılan yenidənqurma işləri Azərbaycanın iqtisadi gücünü, dövlətimizin öz vətəndaşlarına qayğısını və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə olan qətiyyətini nümayiş etdirir. Bir zamanlar dağıntılara məruz qalmış Füzuli bu gün yenidən qurulur, inkişaf edir və gələcəyə inamla addımlayır.
Sabunçu qəsəbəsi ,170 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Lamiyə.
- 1

