Azərbaycan–Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, xarici ölkələrlə qarşılıqlı etimada əsaslanan əlaqələrinin genişlənməsi dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin mühüm nəticələrindəndir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın əsası hələ ötən əsrin 90-cı illərində qoyulmuşdur. 1994 və 1998-ci illərdə imzalanmış bəyannamələr qarşılıqlı münasibətlərin inkişafına zəmin yaratmışdır. Yeni Birgə Bəyannamə isə uzun illər ərzində formalaşmış tərəfdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan verir. Sənəddə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətin xüsusi vurğulanması mühüm əhəmiyyət daşıyır.
Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri regional sülh və təhlükəsizlik məsələləridir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların dəstəklənməsi regionda davamlı sülhün təmin olunmasına verilən önəmi göstərir. Eyni zamanda, müdafiə, təhlükəsizlik və hüquq-mühafizə sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edə bilər.
İqtisadi əməkdaşlığın inkişafı da sənədin əsas istiqamətlərindəndir. Ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, bərpaolunan enerji və yaşıl texnologiyalar sahəsində birgə fəaliyyət hər iki ölkə üçün yeni imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunu bir daha ön plana çıxarır. Bu əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı inkişafın təmin edilməsinə töhfə verə bilər.
Bəyannamənin ən mühüm istiqamətlərindən biri də təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsidir. Çünki müasir dövrdə hər bir dövlətin inkişafı yalnız iqtisadi imkanlarından deyil, həm də insan kapitalının keyfiyyətindən asılıdır. Ali və peşə təhsili, rəqəmsal bacarıqlar, süni intellekt, elmi tədqiqat və innovasiya sahələrində təcrübə mübadiləsinin təşviqi ölkəmizin təhsil sisteminin inkişafı baxımından mühüm perspektivlər açır. Xüsusilə müəllimlərin və gənc mütəxəssislərin beynəlxalq təcrübədən yararlanması, universitetlər arasında əlaqələrin genişlənməsi və müasir texnologiyaların təhsilə inteqrasiyası gələcək inkişaf üçün əhəmiyyətli addımlar ola bilər.
Strateji tərəfdaşlığın əsas dəyəri imzalanmış sənədlərlə yanaşı, həmin sənədlərdə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin real layihələrə çevrilməsindədir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya arasında qəbul edilmiş Birgə Bəyannamə yalnız bugünkü münasibətləri deyil, gələcək nəsillərin inkişaf imkanlarını da əhatə edən mühüm sənəddir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, iqtisadi və elmi potensialının inkişafına, eləcə də regionda sülh və sabitliyin güclənməsinə öz töhfəsini verəcəkdir.
Bakıxanov qəsəbəsi, İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sübü Ələkbərzadə
---
- 1

