Meşə yanğınları planet üçün faydalıdır? - Maraqlı ARAŞDIRMA

Uzun illərdir alimlər Yer üzünü təhdid edən iqlim böhranı barədə xəbərdarlıq edirlər. İqlim dəyişikliyi dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-də daha tez-tez və güclü meşə yanğınlarına səbəb olur. Bu iri miqyaslı yanğınlar sağlamlığa, ətraf mühitə, infrastruktur və iqtisadiyyata ciddi ziyan vurur. Amma yeni bir araşdırma gözlənilməz paradoksu üzə çıxarıb.
Bu barədə "PHYS.org" nəşri yazıb.
Alimlər 2005–2015-ci illərdə havanın keyfiyyəti ilə bağlı real məlumatları araşdırıb və detallı iqlim modellərindən istifadə edərək atmosferin müxtəlif şərtlərə necə reaksiya verdiyini öyrəniblər.
Onlar meşə yanğınlarından çıxan tüstü ilə yanğınların yaratdığı istiliyi ayrı-ayrılıqda təhlil ediblər ki, hər birinin hava şəraitinə təsirini müəyyənləşdirsinlər. Bu yanaşma istiliyin havanı təmizləməkdə gözlənilməz rolunu üzə çıxarıb.
Nəticələr göstərib ki, ABŞ-nin qərbindəki meşə yanğınlarından qalxan istilik güclü hava axınları yaradır. Bu axınlar atmosferin yuxarı qatında yerləşən sürətli küləklər zolağında dalğalanmalara səbəb olur.
Belə dalğalanmalar adi halda qərbdən gələn sərin və rütubətli havanı zəiflədir və əvəzində Atlantik okeanından gələn şərq küləklərini gücləndirir. Bu da ABŞ-nin şərq sahillərində yağıntıların artmasına səbəb olur. Yağış isə havadakı çirklənməni yuyaraq təmizləyir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu kəşf vacibdir, çünki çoxlu iqlim modellərində yalnız tüstünün təsiri nəzərə alınır, istiliyin təsiri isə unudulur. Nəticədə meşə yanğınlarının mənfi təsirləri olduğundan daha çox qiymətləndirilir.
Alimlərin sözlərinə görə, əgər yanğınlardan yaranan istiliyin havadakı PM2.5 (xırda zərərli hissəciklər) səviyyəsinə təsiri nəzərə alınmasa, hesablamalar səhv çıxır. Belə yanaşma nəticəsində əlavə 1200 vaxtından əvvəl ölüm və təxminən 3,3 milyard dollar iqtisadi zərər olduğundan artıq göstərilir. Bu, xüsusilə ABŞ-nin sıx əhalisi olan şərq bölgələri üçün keçərlidir.
Tədqiqatçılar vurğulayırlar: meşə yanğınları təhlükəli olsa da, onların bütün nəticələrini dəqiq öyrənmək vacibdir. İstiliyin təsiri də nəzərə alınarsa, gələcək qiymətləndirmələr daha düzgün olacaq və bu, həm siyasətçilərə, həm də yanğınsöndürmə mütəxəssislərinə daha dəqiq məlumat verməyə imkan yaradacaq.
- 1