Tramp indi də gözünü bu ada ölkəsinə dikib

ABŞ Prezidenti Donald Tramp bu dəfə də gözünü Sakit okeanın kiçik ada dövləti Palauya dikib.
Xarici KİV-ə istinadla xəbər verir ki, Tramp administrasiyası Palaudan xahiş edib ki, hazırda ABŞ-dən deportasiya edilən digər ölkələrdən gələn miqrantları qəbul etsin.
18 min əhalisi olan Palau ABŞ-nin deportasiya etmək niyyətində olduğu “üçüncü ölkə vətəndaşlarının” məskunlaşdırılmasına dair saziş layihəsini nəzərdən keçirir.
2025-ci ilin yanvarında vəzifəyə başlayandan bəri Tramp immiqrasiya ilə bağlı sərt siyasət yürüdür. Bu kontekstdə həyata keçirilən siyasətlərdən biri də ölkələri tərəfindən qəbul edilməyən miqrantların vətəndaşı olmayan ölkələrə geri qaytarılmasıdır. Bir sıra Afrika ölkələrinin ardınca Tramp administrasiyası Sakit okeanda yerləşən Palauya da üçüncü ölkə vətəndaşlarını qəbul etməyi təklif edib.
“The Guardian” yazır ki, Filippinin şərqində yerləşən Palau tərəfindən nəzərdən keçirilən saziş layihəsi ABŞ-dan “müdafiə axtaran və vətənlərinə qayıtmağa qarşı çıxan” üçüncü ölkə vətəndaşlarının köçürülməsini ehtiva edir. Razılaşmada Palauya neçə nəfərin göndəriləcəyi və bunun müqabilində Sakit Okean ölkəsinin nə qazanacağı açıqlanmır.
ABŞ İmmiqrasiya və Vətəndaşlıq Xidmətinin keçmiş əməkdaşı Doris Meissner deyib ki, məqsəd qorxu yaratmaqdır:
“Bu ölkələrin çoxu kiçik, Birləşmiş Ştatlardan uzaq və bir çox amerikalılar üçün tanış olmadığı üçün bu cür hərəkətlərin əsas səbəbi ABŞ-dəki immiqrant icması arasında ailələrinin və ya əlaqələrinin olmadığı uzaq yerlərə göndərilmə qorxusunu artırmaqdır”.
- 0