Sabirabadda evdə yanğın zamanı 4 nəfər ölüb, iki nəfər xilas edilib - YENİLƏNİB

İlkin məlumata görə, Muğan Gəncəli kəndində baş verən və ikisi körpə olmaqla 4 nəfərin ölümü ilə nəticələnən yanğına səbəb gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanma olub.
Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə "Ölkə.az"a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin - 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızının meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
- 0