Biz bu gün bərpa olunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq
2025-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lamı ( 2024-cü ilin may ayından etibarən Vyetnamın 13-cü prezidenti vəzifəsini icra edir) Bakıda rəsmi səfərdə qəbul etdi. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və beynəlxalq əməkdaşlıq kontekstində mühüm əhəmiyyət daşıyır. To Lamın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin bugünkü vəziyyəti ilə yanaşı, eyni zamanda, dərin tarixi köklərini və gələcəyə yönəlmiş ortaq strateji baxışı əks etdirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, səfərin nəticələri ölkələr arasında strateji tərəfdaşlığın əsasını qoydu və konkret layihələrin həyata keçirilməsinə yol açdı. Keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərdi ki, bu münasibətlər təsadüfi deyil, onilliklərə söykənən əməkdaşlığın məntiqi davamıdır.
Azərbaycan ilə Vyetnam arasında imzalanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” 2025-ci ilin ən mühüm diplomatik hadisələrindən biri oldu. Bu əməkdaşlıq Azərbaycan-Vyetnam əlaqələrinin təkamülünün təzahürü olmaqla yanaşı, tarixi dostluqdan strateji tərəfdaşlığa doğru atılan silsilə addımlar çərçivəsi idi. Prezident Əliyev bu sənədi “çox ciddi siyasi sənəd” adlandıraraq qeyd etdi ki, bu razılaşma iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni pilləyə yüksəldir.
Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində əməkdaşlıq hələ Sovet dövründən, xüsusən də Vyetnamın neft sənayesinin inkişafında azərbaycanlı mütəxəssislərin rolu ilə başlayıb. Azərbaycanın neft mühəndisləri və geoloqları 1980-ci illərdə Vyetnamın “Bach Ho” (Böyük Ayı) yatağının işlənməsində fəal iştirak etmişdilər.
Bu tarixi əməkdaşlıq müasir dövrdə yenidən canlandırılır. 2025-ci il səfəri zamanı SOCAR ilə PetroVietnam arasında imzalanmış yeni sənədlər enerji sahəsində qarşılıqlı sərmayə, ticarət və texniki təcrübə mübadiləsini əhatə edir.
Prezident Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsindəki potensialını vurğulayaraq qeyd etdi ki, növbəti 5 ildə 6500 meqavatlıq yaşıl enerji gücü işə salınacaq. Bu kontekstdə Vyetnam şirkətləri Azərbaycana sərmayəyə dəvət olunub. Maraqlıdır ki, Vyetnam özü də Asiyada bərpaolunan enerji sahəsində liderlərdən biridir və bu iki ölkə arasında təcrübə və texnologiya mübadiləsi üçün münbit zəmin yaradır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında yaradılan Birgə Biznes Şurası iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması üçün yeni imkanlar açır. Bu addım gələcəkdə qarşılıqlı investisiya və texnoloji layihələrin inkişafına təkan verəcək.
Nəticə olaraq, To Lamın Azərbaycana ilk rəsmi səfəri, yalnız iki ölkə arasında strateji tərəfdaşlıq aktı ilə məhdudlaşmır – bu, eyni zamanda tarixə və qarşılıqlı hörmətə söykənən əlaqələrin gələcək inkişafı üçün bir platformadır. Siyasi həmrəylik, iqtisadi inteqrasiya və beynəlxalq birlik bu münasibətləri gücləndirən əsas sütunlardır. Bu səfərin nəticələri, şübhəsiz ki, qarşılıqlı faydalı əməkdaşlığın yeni səhifəsini açır.
- 2