İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan xalqı 1918-ci il mayın 28-də özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunun oyanmasında, azadlıq və dövlətçilik ideyalarının formalaşmasında misilsiz rol oynadı. Avropa demokratik dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu respublika, hüquqi dövlət quruculuğu istiqamətində ciddi islahatlar həyata keçirdi. 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında AXC-nin varisi kimi müasir Azərbaycan Respublikasının hüquqi-siyasi bazası təsbit olundu.
Ulu Öndər Heydər Əliyev AXC irsinə böyük önəm verərək, onun tarixi rolunu həmişə yüksək qiymətləndirmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi üçrəngli bayrağımızın rəsmi olaraq dövlət bayrağı elan edilməsi və bununla da müstəqillik yoluna dönüşün əsasının qoyulması tarixi hadisə kimi yadda qaldı. Onun hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət quruculuğu möhkəmləndirildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə AXC-nin dövlətçilik ənənələri davam etdirilir. 2007-ci ildə Bakıda İstiqlal Bəyannaməsinə həsr olunmuş abidənin açılışı, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, “100 illik yubiley medalı”nın təsis edilməsi bu tarixi yaddaşın qorunmasına xidmət edir. Həmçinin, 2021-ci ildə qəbul edilən qanunla 28 may – Müstəqillik Günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
- 0