Münasib Qurbanov: Azərbaycan dövləti hər zaman sülhsevər siyasət yürütsə də, öz suveren hüquqlarını qorumaq üçün güclü ordu amilini hər zaman prioritet hesab edib

Müasir dünyada hər bir müstəqil dövlətin suverenliyinin, ərazi bütövlüyünün və daxili sabitliyinin ən etibarlı təminatçısı onun nizamı ordusudur. Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi çəkisi və mənəvi çəkisi olan 26 İyun – Silahlı Qüvvələr Günü, sadəcə təqvimdəki bir bayram deyil, bütöv bir xalqın fədakarlıq, dirçəliş və tarixi ədaləti bərpa etmə salnaməsidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə təməli qoyulan bu tarixi proses, ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini qazanan ölkəmiz üçün həyati əhəmiyyət kəsb etməyə başladı.
Azərbaycanın müasir hərbi tarixini və sarsılmaz kadr potensialını təhlil edərkən, ötən əsrin 70-ci illərinə nəzər salmaq zərurəti yaranır. Ulu Öndər Heydər Əliyevin hələ SSRİ dövründə, 1969-cu ildə hakimiyyətə gəlişindən sonra nümayiş etdirdiyi uzaqgörən siyasət nəticəsində respublikamızda milli hərbi kadrların hazırlanması prosesinin əsası qoyuldu. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin təsis edilməsi, gələcək müstəqil Azərbaycanın peşəkarlardan ibarət zabit korpusunun formalaşmasında müstəsna rol oynadı.
Ümummilli Lider ordunun dövlətçilikdəki yerini xarakterizə edərkən hər zaman vurğulayırdı ki, "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir." Lakin güclü bir ordu yalnız hərbi texnika ilə deyil, həm də mənəvi əsaslarla mövcud ola bilərdi. Heydər Əliyevin 1996-cı ildə qeyd etdiyi kimi: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir". Məhz bu ideoloji xəttin və 1993-cü ilin sonlarından etibarən həyata keçirilən xüsusi islahatların nəticəsində ölkədə dağınıq qüvvələr aradan qaldırıldı, qısa müddətdə vahid komandanlığa tabe olan nizami milli ordu quruldu. 1998-ci ildə imzalanan tarixi fərmanla isə 26 iyun tarixi rəsmi dövlət bayramı statusu aldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi tamamilə yeni, modern bir müstəviyə qədəm qoyub. Cümhuriyyət qurucularının xəyal etdiyi hərbi potensial, bu gün reallığa çevrilərək Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Ölkənin artan iqtisadi imkanları fonunda müdafiə büdcəsinin durmadan artırılması ordunun həm maddi-texniki təchizatını, həm də döyüş qabiliyyətini ən yüksək səviyyəyə çatdırıb.
Azərbaycan dövləti hər zaman sülhsevər siyasət yürütsə də, öz suveren hüquqlarını qorumaq üçün güclü ordu amilini hər zaman prioritet hesab edib. Uzun illər davam edən səmərəsiz sülh danışıqları fonunda, Ali Baş Komandanın "Əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik" bəyanatı döyüş meydanında öz parlaq təsdiqini tapdı.
Azərbaycan əsgərinin daxilindəki yüksək vətənpərvərlik ruhu, keçirilən intensiv təlimlər və hərbi intizam 44 günlük Vətən müharibəsində tarixi ədalətin və beynəlxalq hüququn bərpasını təmin etdi. İndi ölkəmiz Silahlı Qüvvələr Gününü tamamilə fərqli bir statusda – müzəffər bir ordu və qalib bir xalq olaraq qeyd edir.
Ordunun gücü təkcə onun silahlarında deyil, həm də gələcək nəsillərin hərbi-vətənpərvərlik tərbiyəsindədir. Bu gün Bakı iqtisadi rayonu başda olmaqla, respublikanın hər bir guşəsində gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi dövlət proqramlarının əsas istiqamətidir. Paytaxtda və bölgələrdə fəaliyyət göstərən Zəfər muzeyləri həm qazanılan şanlı qələbənin yaddaşını qoruyur, həm də yetişməkdə olan nəsil üçün real qəhrəmanlıq nümunələrini əyani şəkildə nümayiş etdirir.
Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin ən böyük dayağı, regional sabitliyin təminatçısı və xalqımızın milli qürur mənbəyidir. 26 İyun tarixi, keçmiş dərslərdən nəticə çıxararaq gələcəyə inamla addımlayan güclü bir dövlətin hərbi qüdrətinin rəmzidir.
- 1

