Səttar Möhbalıyev: “Azərbaycanın təşəbbüskarı olduğu bağlılıq layihələri bütün region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir”

“İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Həmin gün cənab Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək. Möhtərəm dövlət başçımız qeyd edib ki, bu gün ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var və bu məqsədə xidmət edən Şuşa Qlobal Media Forumu iştirakçılarının sayı getdikcə artır, coğrafi əhatə dairəsi daha da genişlənir. Forumun gedişində beynəlxalq ictimaiyyətin ölkəmizdə gedən proseslərə marağının getdikcə artması özünü aşkar şəkildə göstərir. Bununla bağlı cənab Prezident İlham Əliyev ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan öz inkişafının prioritet istiqaməti kimi faydalı qazıntılar sahəsini müəyyən etmir. Burada IT, aparıcı texnologiyalar sektoruna üstünlük verilir. Ölkəmiz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edir. Regional inkişafa və regional əməkdaşlığa gəldikdə isə, bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
Deputat həmçinin qeyd edib ki, Azərbaycanın çoxşaxəli beynəlxalq əlaqələri də Forum iştirakçılarının diqqət mərkəzində saxladığı məsələlərdən biridir: “Cənab Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin ən yüksək səviyyədə dinamik inkişaf etdiyini xüsusi vurğuladı. Bu da ölkəmizin çoxvektorlu xarici siyasətinin daha bir nümayişidir. Qeyd olundu ki, son iki ildə Azərbaycan və Çin rəhbərləri tərəfindən iki mühüm sənəd imzalanıb. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın uğurudur. Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Son dövrlərdə Azərbaycan həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlayıb. Artıq müvafiq sazişlər imzalanıb və bu sahə də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verəcək” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
---
- 1