Naxçıvan Sənaye Parkının təməli qoyuldu

Prezident İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvana səfər edib. Bu səfər həm daxili auditoriyaya, həm region dövlətlərinə, həm də daha böyük geosiyasi mərkəzlərə ünvanlanan çoxşaxəli mesajlar sistemi idi.
Naxçıvan bu dəfə Azərbaycanın qədim diyarı olmaqla yanaşı, həm də ölkəmizin gələcək geoiqtisadi arxitekturasının əsas qovşaqlarından biri kimi təqdim edildi.
Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər isə səfərin siyasi fəlsəfəsini daha aydın göstərdi.
Onu vurğulayaq ki, əslində, prezident İlham Əliyev Naxçıvandan gələcəyin Azərbaycanının konturlarını göstərdi.
Bu konturlarda çox şey - sülh, güc, enerji, dəmir yolu, yeni sənaye modeli var. Sosial rifah, turizm, şəhərsalma, hərbi təhlükəsizlik, milli yaddaş və tarixi kimlik də bu modelin ayrılmaz hissəsidir.
Naxçıvan səfərinin əsas mesajını bir cümlə ilə ifadə etsək, Azərbaycan yeni mərhələyə siyasi güclə yanaşı, geoiqtisadi güclə də daxil olur.
Prezidentin səfəri zamanı Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Sənaye Parkının təməlinin qoyulmasına yalnız yeni müəssisələrin yaradılması prizmasından baxmaq yetərli deyil. Park üçün Naxçıvan şəhərinin cənub-qərbində, Naxçıvan–Sədərək avtomobil yolunun yaxınlığında 310 hektar ərazinin müəyyənləşdirilməsi özü iqtisadi məntiqdən xəbər verir.
Sədərək Naxçıvanın Türkiyəyə qapısıdır. Bu səbəbdən gələcəkdə sənaye parkında istehsal ediləcək məhsulların bazarını yalnız Naxçıvanın və hətta Azərbaycanın daxili bazarı ilə məhdudlaşdırmaq düzgün olmaz.
Əgər yeni nəqliyyat bağlantıları ilə sənaye infrastrukturu eyni iqtisadi sistemdə birləşərsə, Naxçıvanda istehsal edilən məhsul üçün Türkiyə və onun üzərindən digər xarici bazarlara çıxış imkanları genişlənə bilər.
Burada artıq tamam başqa iqtisadi model yaranır:
Naxçıvanda istehsal et – Türkiyə və xarici bazarlara çıxar. Məhz bu model sənaye parkını sıradan regional istehsal zonasından strateji iqtisadi layihəyə çevirə bilər.
Bakıxanov qəsəbəsi, Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin tətbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva
---
- 1

