Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün özünün növbəti böyük və tarixi tərəqqi mərhələsinə qədəm qoyur. Regional inkişafın mərkəzi dövlət idarəçiliyinə uğurlu inteqrasiyasını təmin etmək, blokada şəraitində yaşayan bu qədim diyarın hərtərəfli tərəqqisini sürətləndirmək dövlətimizin prioritet hədəfləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev avqustun 11-də muxtar respublikaya növbəti tarixi səfərini reallaşdırmış və bu səfər Naxçıvanın gələcək taleyində mühüm dönüş nöqtəsi rolunu oynamışdır. Dövlət başçısının bu qədim diyara sayca 17-ci rəsmi səfəri regionda həyata keçirilən genişmiqyaslı islahatların miqyasını, eyni zamanda muxtar respublikanın strateji əhəmiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir. Səfər çərçivəsində Naxçıvan Regional DOST Mərkəzinin açılışı, sosial evlər kompleksinin və yeni mehmanxana kompleksinin təməlqoyma mərasimləri, eləcə də tarixi-mədəni abidələrin bərpası ilə tanışlıq dövlətin əhaliyə göstərdiyi yüksək qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində muxtar respublikanın, eləcə də işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının vahid inkişaf konsepsiyası əsasında tərəqqi etməli olduğunu xüsusi vurğulamışdır. Bu yanaşmanın tərkib hissəsi olaraq, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair hazırlanmış yeni Baş Planı dövlət başçısına təqdim edilmişdir. Baş Plan şəhərin tarixi simasını qorumaqla yanaşı, onun müasir və insan mərkəzli infrastrukturunun yaradılmasını, yaşayış fondunun əhəmiyyətli dərəcədə genişləndirilməsini və əhalinin məşğulluq səviyyəsinin kəskin şəkildə artırılmasını hədəfləyir. Paralel olaraq həyata keçirilən struktur və kadr islahatları, xüsusilə də muxtar respublikada tətbiq edilən xüsusi nümayəndəlik institutu Qarabağda özünü doğrultmuş idarəetmə modelinin uğurlu davamıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu yeni idarəetmə strategiyası Naxçıvanın davamlı, təhlükəsiz və sabit inkişafına mükəmməl hüquqi zəmin yaradır.
Dövlət başçısının səfərindən dərhal sonra muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı mühüm Sərəncam Naxçıvana yönələn dövlət investisiyalarının yeni rəmzinə çevrilmişdir. Sərəncama əsasən, yol-nəqliyyat, təhsil, yaşayış fondu, mühəndis-kommunikasiya və xüsusilə alternativ enerji sahələrinin yenilənməsi üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılmışdır. Naxçıvanın ölkəmizin ən böyük günəş və yaşıl enerji potensialına malik bölgələrindən biri olduğunu nəzərə alsaq, bərpa olunan enerji layihələri gələcəkdə regionu ekoloji cəhətdən təmiz enerji ixracatçısına çevirəcəkdir. regional layihələrin, xüsusilə də beynəlxalq Vaşinqton razılaşmalarından sonra fəallığı artan Zəngəzur dəhlizinin və Orta Dəhlizin tam gücü ilə işə düşməsi Naxçıvanın geosiyasi mövqeyini kökündən dəyişəcəkdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uzaqgörən siyasəti ilə Naxçıvanı nəqliyyat blokadasından çıxararaq, onu Şərq ilə Qərbi, eləcə də Şimal ilə Cənubu birləşdirən əvəzolunmaz beynəlxalq logistika və ticarət qovşağına çevirir. Bu böyük və əzəmətli layihələr Naxçıvanda yeni iş yerlərinin açılmasına, özəl investisiya axınına və əhalinin rifah halının ən yüksək səviyyəyə çatmasına xidmət edəcəkdir.
Elxan İsmayılov 192 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi
---
- 1

