Vüqar Qəhrəmanov: “28 Mayın Mirvarisi: Tarixi İrsi Daşıyan Nəsillərin Qürur Günü”
Hər bir xalqın tarixində dönüş nöqtəsi, milli şüurunun oyanışı və taleyini dəyişdirən anlar olur. Azərbaycan üçün bu məqamlardan biri və bəlkə də ən önəmlisi məhz 28 May 1918-ci ildir. Həmin gün, illərlə imperialist rejimlərin əsarətində yaşamış Azərbaycan xalqı öz müqəddəratını təyin etmək haqqını gerçəkləşdirdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, sadəcə bir dövlətin yaranması deyil, xalqımızın azadlıq idealının siyasi və hüquqi təcəssümü idi.
Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk parlamentli, demokratik respublika olmaqla, təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün nümunəyə çevrildi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu qısa zaman ərzində həyata keçirilən islahatlar dövlətçilik tariximizin bünövrəsini qoydu. Həmin dövrdə ilk dəfə olaraq ümumi seçki hüququ, qadınlara səsvermə imkanı, milli ordu və müstəqil hüquq sistemi formalaşdırıldı. Parlamentdə müxtəlif etnik və dini qrupların təmsil olunması cümhuriyyətin nə qədər mütərəqqi və dövründən irəli bir model olduğunu sübut edirdi.
Bu tarixi uğur, təbii ki, təsadüfi deyildi. M.Ə. Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov və onlarla digər ziyalılarımız xalqın gələcəyi uğrunda canlarını təhlükəyə ataraq bu yolda əbədi iz qoydular. Onların əsas çağırışı bu idi: “Bir kərə yüksələn bayraq bir daha enməz!”
Lakin XX əsrin əvvəllərində dünyanı silkələyən siyasi proseslər Azərbaycan xalqının bu azadlıq səadətini uzun müddət yaşamasına imkan vermədi. 1920-ci ildə sovet qoşunlarının ölkəyə daxil olması ilə Cümhuriyyətin fəaliyyəti dayandırıldı və müstəqilliyimiz itirildi. Ancaq xalqın ruhunda, yaddaşında və iradəsində bu azadlıq ideyası daim yaşadı.
İllər keçdi və 1991-ci ildə Azərbaycan xalqı tarixdən gələn haqqını yenidən tələb etdi. Sovet İttifaqının süqutu ilə ikinci dəfə müstəqilliyimizi elan etdik. Lakin bu dəfə də qarşıda çətin və mürəkkəb yol dayanırdı – daxili siyasi qeyri-sabitlik, iqtisadi böhran, torpaq itkisi və işğal.
Bu ağır məqamda xalqın ümid yeri və dayağı yenidən Ümummilli Lider Heydər Əliyev oldu. Onun qətiyyətli rəhbərliyi ilə Azərbaycanda sabitlik və inkişaf bərqərar olundu. Dövlət quruculuğu sahəsində əsaslı addımlar atıldı, beynəlxalq əlaqələr genişləndi, iqtisadiyyat inkişaf yoluna qədəm qoydu. Ən əsası isə – xalq və dövlət arasında etimad körpüsü quruldu.
Bu gün biz bu yolun məntiqi nəticələrini yaşayırıq. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bölgənin lider dövlətlərindən birinə çevrilib. İqtisadi baxımdan sabit, siyasi cəhətdən müstəqil və hərbi gücü ilə sayılıb-seçilən bir ölkəyə sahibik. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə, müstəqilliyimizin yeni mərhələsinin başlanğıcı oldu. Qarabağ və Şərqi Zəngəzur artıq azaddır, ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz real mənada təmin olunub.
Artıq müstəqillik yalnız bir anlayış deyil – bu, xalqımızın gündəlik həyatında, iqtisadi uğurlarında, mədəni yüksəlişində və beynəlxalq münasibətlərdə nümayiş olunan reallıqdır. Hər bir vətəndaş bu gün qürurla deyə bilər: Mən azad və müstəqil Azərbaycanın övladıyam!
28 May – bu gün sadəcə bir bayram deyil. Bu gün bir millətin yaddaşında həkk olunmuş müqəddəs tarixdir. Bu gün, Vətəni sevməyin, azadlıq uğrunda mübarizə aparmağın və dövlətçilik şərəfinin simvoludur. Gənc nəsillər bu ruhla böyüyür, tarixini bilir, şəhidlərini unutmur və gələcəyə inamla addımlayır.
Vətənə sevgi, müstəqilliyə sədaqət və qəhrəmanlara ehtiram – bu, 28 Mayın bizə mirasıdır!
Bu mirası qorumaq və gələcək nəsillərə ötürmək isə bizim müqəddəs borcumuzdur!
- 3