Məhərrəm Şəfiyev: Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir

“Bərdə-Çörək” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Məhərrəm Şəfiyev - 3 oktyabr 1993-cü il. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Ulu Öndərin Prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu təsdiq etmişdir. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 23 ilin uğurlarının xronologiyası bu vədin konkret əməldə öz əksini tapdığını nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tarixi əhəmiyyətli 2003-cü il 1 oktyabr müraciətində Azərbaycanın gələcək inkişafını təmin edəcək ünvanı göstərərkən bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.
1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazılıb. Bu illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı inkişafına, bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə geniş imkanlar yaradır. Yeganə problemimiz hazırda tarixə qovuşan Qarabağ münaqişəsi idi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordun olmalıdır. Ümummilli Liderin ordu quruculuğu istiqamətində atdığı addımlar maddi-texniki bazasının möhkəmləndirilməsini, döyüş ruhunun artmasını təmin etdi. 2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunda həyata keçirdiyi tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər Qarabağ münaqişəsinin taleyi ilə bağlı bəzi dairələr tərəfindən səsləndirilən əsassız fikirləri darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi, eyni zamanda, 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi oldu. Bu gün Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı səhifə ilə qürurludur. Qalib ölkənin qalib Prezidenti İlham Əliyev keçirilən tədbirlərdə, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi reallaşdırdığı səfərləri zamanı çıxışlarında Vətən oğullarının torpaq sevgisindən geniş bəhs edərək onların qanları ilə tarix yazdığını xüsusi qeyd edir. 30 ilik işğaldan sonra tarixi sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qələbəsi dövlətimizin möhkəm təmələ əsaslanan uğurlu siyasətinin nəticəsidir.
- 1

